[email protected]

Münəvvər Əliyeva

Ölümə aparan kəşf : Maria Sklodowskova Küri –fizika,kimya və dolayı yolla tibb sahəsinə verdiyi töhvələr ilə yaddaqalan alim

Maria Sklodowskova Küri –fizika,kimya və dolayı yolla tibb sahəsinə verdiyi töhvələr ilə yaddaqalan polyak əsilli fransız alimdir. Bunu da qeyd etmək lazımdır ki, 2 fərqli sahədə Nobel alan yeganə alimdir. Onun gördüyü işlər öz dövrü üçün olduqca əhəmiyyətli olmaqla yanaşı,həmçinin,özündən sonrakı dövrdə də kəşflərlə dolu bir cığır açmışdır. Birlikdə həyat yoluna,kəşflərinə və kəşflərinin nələrə səbəb olduğunu anlamaq üçün həyat yolunda kiçik bir səyahətə çıxaq.

1867-ci ildə Polşanın paytaxtı Varşava şəhərində ziyalı ailəsində dünyaya göz açmışdır. Anasını və bacılarından birini çox erkən itirmişdir. Mariya uşaqlıqdan son dərəcə iti yaddaşı ilə fərqlənirdi və 16 yaşında orta məktəbi qızıl medalla bitirmişdi. Mariya ali təhsil almaq istəyirdi, lakin ailənin buna maddi imkanı olmadığından bacısı ilə maraqlı şərt kəsmişdilər. Həmin şərtə əsasən o, beş il dayə işləyərək bacısının tibb təhsili almasına yardım edəcək, sonra isə bacısı Marianın universitetə qəbul olmasına köməklik göstərəcək. 1891-ci ildə bu vəd yerinə yetirildi, 24 yaşında olarkən böyük bacısının köməyi ilə Mariya Parisə getdi və Sorbonna Universitetində (Paris Universiteti) fizika və kimyadan təhsil almağa başladı. O, gec saatlara qədər işləyir və demək olar ki, çörək, kərə yağı və çayla qidalanırdı. Mariya 1893-cü ildə fizika elmləri imtahanında birinci oldu, 1894-cü ildə riyaziyyat elmləri imtahanında isə ikinci yeri tutdu. Məhz həmin ilin yazında o, Pyer Küri ilə tanış oldu,bir il sonra isə evləndi.Bu evlilik həm dünya əhəmiyyətli kəşflərlə nəticələnən əməkdaşlığın da təməli oldu. 1896-cı ildə Henri Bekkerel təsadüf nəticəsində xarici işıq mənbəyi (Günəş və ya süni işıq) olmadan uran duzlarının şüalanmasını kəşf etdi. Bu, fiziklər üçün əsl sürpriz idi. Sonralar Maria, Bekkerelin bu kəşfini "radioaktivlik" adlandırmışdı. Fiziklər və kimyaçılar qarşısında əlavə sual meydana çıxdı: görəsən, bu xassə yalnız uran (element) urana və onun duzlarınamı məxsusdur, yoxsa bu başqa elementlərdə də var? Maria Küri məhz bu sual ətrafında əri Pyer Küri ilə birlikdə uranda aşkarlanan radioaktivliyin digər elementlərdə mövcud olmasını araşdırmağa qərar verdi və toriumda da radioaktivlik olmasını aşkarladı. Pyer Kürinin özünü əsasən yeni radiyasiyanın fiziki cəhətdən öyrənilməsinə həsr etdiyi halda, Maria Küri metal halında saf radium əldə etməyə çalışırdı. O, bu işə Pyer Kürinin şagirdlərindən biri olan kimyaçı Andre-Lui Debirin köməyi ilə nail oldu. Maria bu tədqiqatın nəticələrinə əsasən elmlər doktoru adını qazanmışdı və 1903-cü ildə Maria və Pyer Bekkerel ilə bərabər radioaktivliyin kəşfinə, "radiasiya hadisəsinin tədqiqindəki əvəzedilməz müştərək fəaliyyətlərinə görə" görə fizika üzrə Nobel mükafatına layiq görülmüşdülər.1900-cü ildə Fransanın Sevr şəhərində qızlar üçün olan Ali məktəbdə fizika üzrə mühazirəçi təyin edildi və eksperimental nümayişlərə əsaslanan tədris metodu yaratdı. M. Küri uran filizlərində işləmək və analiz etmək üçün klassik üsul işləyib hazırlamışdır. O, 1904-cü ilin dekabrında Pyer Kürinin idarə etdiyi laboratoriyaya baş assistent təyin edildi. O, 13 may 1906-cı ildə həyat yoldaşının ölümündən sonra vakant qalan professorluq vəzifəsinə təyin edildi və bununla da Sarbonna Universitetində dərs deyən ilk qadın professor oldu. Onun sonrakı təcrübələri radiumu metal şəklində almaqdan ibarət olmuşdur. Maria bu nəticəyə 1910-cu ildə Anri Debirnlə birgə nail olmuşdur. O, həmçinin Beynəlxalq Çəki və Ölçü vahidləri Bürosuna radioaktiv maddələrin ilk etalonunu hazırlayıb təqdim edən alim kimi də məşhurdur. Maria Kürinin digər fundamental nailiyyəti kimya sahəsinə aiddir. O, 1911-ci ildə "kimyanın inkişafındakı əvəzedilməz fəaliyyətinə: radium və polonium elementlərinin kəşf edilməsi, saf halda radiumun ayrılması və bu möhtəşəm elementin təbiətinin öyrənilməsinə görə" kimya üzrə Nobel mükafatına layiq görülmüşdür. Bununla da o, Nobel mükafatını iki dəfə alan ilk şəxs kimi elm tarixinə düşmüşdür.

Bəs Maria dünyaya nə qazandırdı?

Maria Küri həyatı boyu iztirabları yüngülləşdirmək üçün radiumdan istifadə etdi və Birinci Dünya Müharibəsi zamanı qızı İrenin köməyi ilə o, şəxsən özünü bu müalicə işinə həsr etdi. Radiumun radioaktiv qalıqlarından kifayət miqdarda ayrılması üsullarını da hazırladı,bu da radiumla müalicə üçün lazımi məlumatları verdi. Bu tibb sahəsində olduqca əhəmiyyətli oldu.Bundan başqa radioaktivlik terminin ədəbiyyata daxili olması,radiumun,poloniumun kəşfi,onların xarekteristikası,radioaktivlik xüsusiyyətləri fizika,kimya və tibb sahəsində çoxlu kəşflərin qapısını açdı.Uzun sözün qısası,Marianın ömrü kəşflərə,yeniliklərə açıq və bəşəriyyət üçün olduqca faydalı bir ömür oldu.Hətta bu kəşflər onun həyatı uğruna başa gəldi də deyə bilərik,çünki Maria kəşfini simvolizə etmək üçün yaxasında daşıdığı radium elementinin zərərlərindən bixəbər idi,bu vəziyyət onu qan leykozuna düçar etdi. Maria qərarlılığı,zəkası,vətənpərvərliyi və elmi ilə tarixə iz qoyan qadınlardan biri oldu.



Müəllif Haqqında

Münəvvər Əliyeva

Naxçıvan Dövlət Universiteti, Tibb fakültəsi, Tibb, III kurs tələbəsi